“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilib
26-28 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.
Dünya şöhrətli alim Lütfi Zadənin əziz xatirəsinə həsr olunmuş konfransa 22 ölkədən 58 spiker qatılıb. Tədbir PAŞA Holdinq, Azərbaycan Beynəlxalq Bankı, “BestComp” və bp şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib.
“AIFORDIGIGOV” beynəlxalq konfransının əsas məqsədi rəqəmsal idarəetmədə Azərbaycanda süni intellekt əsaslı texnologiyaların tətbiqinin sürətləndirilməsi, dünya ölkələri təcrübələri ilə tanışlıq, bu istiqamətdə yeni çağırışlar və gələcəyə baxışların müəyyən olunması, süni intellekt ekosistemi haqqında cəmiyyətin maarifləndirilməsi, ölkədə bu sahəyə olan marağın artırılmasıdır.
Konfransın ilk günündə süni intellektin transformativ gücü, süni intellekt və rəqəmsal idarəetmə, süni intellekt və dövlət xidmətləri, süni intellekt və gələcək mövzularında müzakirələr aparılıb. Qeyd edilən mövzularda Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç, Böyük Britaniyada Beynəlxalq Hökumət Xidmətinin baş direktoru və Rəqəmsal Səfir Kevin Kanninqton, ABŞ-ın “Christian Care” şirkətinin Rəqəmsallıq və İnformasiya Ofisinin direktoru Rendi Gaboriolt, italiyalı tədqiqatçı Cianluca Misuraka, Finlandiya Maliyyə Nazirliyinin Rəqəmsallaşma üzrə xüsusi məsləhətçisi Aleksi Kopponen və digərləri çıxış ediblər.
Konfransın ikinci günündə “Süni intellektin etikası”, “Süni intellekt üzrə dövlət strategiyaları”, “Süni intellekt və fintek”, “Süni intellekt hər kəsin xeyiri naminə” mövzularında sessiyalar keçirilib.
Tədbirin sonuncu günündə Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) milli ekspert Tural Qulunun moderatorluğu ilə keçirilən ilk panel müzakirələrində ÜST-ün Avropa Regional Ofisinin Məlumat, Ölçmə və Analitika bölməsinin rəhbəri Devid N. Ortiz, “Microsoft”un Orta və Şərqi Avropa Səhiyyə Sənayesi Sektorunun direktoru Ruti Kaydar, ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı, “Ufonia”nın icraçı direktoru və təsisçisi Nik De Penninqton, “Open Health Network”un icraçı direktoru və təsisçisi Tatyana Kanzaveli “Səhiyyənin süni intellektlə transformasiyası” mövzusu haqqında öz fikirlərini bölüşüblər.
İkinci panel müzakirələrində Elektron Hökumətin İnkişafı Mərkəzi direktorunun süni intellekt üzrə müşaviri Günay Kazımzadənin moderatorluğu ilə Süni İntellekt və Etika İnstitutunun direktoru Kristof Lütge, bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə və Yaxın Şərq ölkələri üzrə texnoloji əməliyyatlar portfoliolarının rəhbəri Nizami Mansirov, “Open Ehtics”in təsisçisi Nikita Lukianets, “AIethicist.org”un təsisçisi Merve Hickok “Süni intellekt və cəmiyyət” mövzusu ətrafında geniş müzakirələr aparıblar.
Tədbirdə, həmçinin “Futuracy” şirkətinin təsisçisi və icraçı direktoru, yeni nəsil texnologiyalar üzrə dünyaca məşhur futurist Yan Xan süni intellektin gələcəyi və insan həyatını necə dəyişəcəyi mövzusunda danışıb.
“Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfransı çərçivəsində təşkil olunan data yarışmasına da yekun vurulub. Data yarışmasının məqsədi bu sahədə Azərbaycanda mütəxəssislərin aşkar edilməsi, onlarla gələcəkdə əməkdaşlığın qurulması və gələcəkdə yeni layihələr həyata keçirilməsidir. Azərbaycanda ilk dəfə “Kaggle” platforması üzərindən təşkil olunan yarışmaya 185 komanda qatılıb. Data yarışmasının 1-ci, 2-ci və 3-cü yer üzrə qalib komandaları müəyyən olunaraq mükafatlandırılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.