KOBİA sahibkarlar üçün müxtəlif sektorlar üzrə bazar araşdırması aparıb
Mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yeni məhsul və xidmətlərin yaradılmasına, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılmasına dəstək məqsədi ilə müxtəlif sektorlar üzrə daxili bazar araşdırmaları aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə aparılmış daxili bazar araşdırmaları boya, optik eynək, özəl və korporativ geyimlər, daşınar soyuducu anbar və məişət tullantıları konteynerlərinin istehsalı, tekstil fabrikinin, reklam vasitələrinin yaradılması, avtokimya, minik və yük avtomobillərinin yağdəyişməsi kimi sahələri əhatə edir. Bu sahələrdə sahibkarlıq fəaliyyətinə başlamaq və ya müvafiq sektorlarda fəaliyyətlərini daha da genişləndirmək istəyən sahibkarlıq subyektləri müvafiq daxili bazar araşdırmaları ilə KOBİA-nın internet səhifəsindən tanış ola bilərlər.
Sahibkarın müraciəti əsasında aparılmış daxili bazar araşdırmasından fərqli olaraq, Agentliyin təşəbbüsü əsasında aparılan bazar araşdırmalarının nəticələri KOB subyektlərinə ödənişsiz təqdim edilir.
2021-ci il ərzində Agentliyin təşəbbüsü ilə digər sahələrdə də daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.