AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) birgə təşkilatçılığı ilə seminar keçirilib
AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) tərəfindən həyata keçirilən “Azərbaycanda texnologiya transferi və kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində seminar keçirilib.
Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə YT Parkın, STEPİ-nin və AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AMEA Yüksək Texnologiyalar Parkının direktoru Samir Məmmədov seminar iştirakçılarını salamladıqdan sonra STEPİ və AMEA YT Parkın birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən seminarın ilk olmadığını və davamlı keçirildiyini qeyd etdi.
O, ölkə iqtisadiyyatının əsas prioritet istiqamətinin elm, texnologiya və innovasiya potensialının artırlılması olduğunu bildirdi. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, seminarın keçirilməsində əsas məqsəd Koreyanın innovasiyaların sənayedə tətbiqi sahəsində təcrübəsinin öyrənilməsi, həmçinin Koreya ilə Azərbaycan arasında elm və texnologiya sahəsində davamlı inkişaf edən əməkdaşlığa nail olmaqdır.
Daha sonra təlimlər qrupunun rəhbəri Eun Joo Kim çıxış edərək STEPİ-nin elm və texnologiya siyasətinin inkişafında mühüm rol oynadığını, bu sahədə tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirdiyini bildirdi. O, Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki statusunun qiymətləndirilməsi, eləcə də texnologiya transferi və kommersiyalaşdırılmasında Cənubi Koreya təcrübəsi və bu sahədə mümkün perspektivlər haqqında məlumat verdi.
Seminarda, həmçinin Cənubi Koreyanın Hanbat Universitetinin professoru Yonq İn Çoinin "Texnoloji sahibkarlıq və ideya əsaslı startap", AMEA YT Parkın şöbə müdiri Zaur Əhmədzadənin "2019-cu il üzrə inkişaf və nailiyyət layihəsinin təqdimatı" və "Innova Ventures Group"un rəhbəri Vüsal Süleymanlının "Koreyada STİ potensialının inkişafı üzrə səyyar təlimdən sonra tətbiq və inkişaf halları" mövzularında çıxışları dinlənilib, iştirakçıların sualları cavablandırılıb.