AMEA SETM-in əməkdaşları “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalı ilə təltif ediliblər
Məlum olduğu kimi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (“YT Park”) ərazisində fəaliyyət göstərən AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) bir neçə dövlət qurumu, xüsusilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən birgə layihələr həyata keçirilir.
Aidiyyəti dövlət qurumlarının müvafiq rəyinə əsasən SETM-də aparılan müdafiə və milli təhlükəsizlik təyinatlı dövlət əhəmiyyətli bir neçə elmi tədqiqat işləri üzrə son hazır nümunələrin (hərbi təyinatlı məmulatların) Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilmişdir.
Bununla əlaqədar olaraq, hərbi sahəyə elmi tədqiqat işlərinin tətbiqi istiqamətində xidmətlərinə görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Nəriman oğlu Abdullayev, SETM-in 1 №-li Elmi tədqiqat laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Samir Süleyman oğlu Süleymanov və SETM-in 1 №-li Elmi tədqiqat laboratoriyasının baş mütəxəssisi Heydərov Namiq Novruz oğlu “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər.
SETM-in rəhbəri F.Abdullayev başda olmaqla medal ilə təltif edilmiş əməkdaşları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar diləyirik