İnnovasiya prosesində texnologiyaların kommersiyalaşdırılma- sının əhəmiyyəti
Texnologiyaların kommersiyalaşdırılması texnologiyaları, məhsulları, xidmətləri və bazarları birləşdirən prosesdir. Bu prosesi həm də laboratoriyanın yetişməmiş texnologiyalarını bazara çıxarılması cəhdləri və ya “laboratoriyadan bazara gedən yol” kimi dəyərləndirmək olar. Kommersiyalaşdırılma zamanı dəyər zəncirinin yaradılması üçün texnologiyadan kapitala qədər müxtəlif resurslar, o cümlədən işçi qüvvəsi tələb olunur. Elmi tədqiqatların kommersiyalaşdırılması yerli iqtisadiyyatları canlandıran və iş yerləri yarada biləcək təsirlərə malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin müdiri Bünyamin Seyidov söyləyib. O bildirib ki, Dördüncü Sənaye İnqilabı dövründə, ölkələr və şirkətlər arasında texnologiya rəqabəti gücləndikcə yeni texnologiyalar ortaya çıxır və onların inkişaf sürəti də artmağa başlayır. Sürətlə dəyişən texnoloji mühitin öhdəsindən gəlmək üçün səylər tələb olunduğundan, tədqiqat və inkişafa qoyulan investisiyaların miqdarı durmadan artır və eyni zamanda, patent müraciətləri çoxalır. Dəyişən bazara adekvat şəkildə cavab vermək üçün texnologiyanı daha səmərəli bir formada əldə etmək və istifadə etmək məqsədilə kommersiyalaşdırılma strategiyasından fəal şəkildə istifadə edilir.
Elmi yeniliyin kommersiyalaşdırılması mürəkkəb bir prosesdir. Yeni texnologiyanın uğurlu kommersiyalaşdırılması üçün texnologiya texniki qabiliyyətə, bazara yararlılığa və patent qabiliyyətinə malik olmalıdır. Kommersiyalaşdırılma prosesində texniki, bazar və patent qabiliyyətləri paralel rejimdə deyil, ardıcıl rejimdə işləyir. Uğurlu kommersiyalaşma üç tələbin hamısının yerinə yetirilməsini tələb edir. Buna görə də, ən yeni texnologiya belə üç tələbdən birinə cavab verə bilmədikdə texnologiyanın kommersiyalaşdırılması cəhdi uğursuzluqla nəticələnir.
Texnologiyaların texniki qabiliyyəti dedikdə, onun bir çox rəqabət aparan, mövcud texnologiyalardan üstün xüsusiyyətlərə malik olması qəbul edilir.
Yeni texnologiyaların bazar qabiliyyəti mühüm fazalardan biridir. İstehsalçı innovativ texnologiyaya əsaslanan məhsulların davamlı kütləvi istehsalına nail olsa belə, məhsullar bazarda satılmalıdır. Bildiyimiz kimi, mövcud rəqib məhsullarından texniki cəhətdən üstün olan, lakin müxtəlif səbəblərdən bazarda uğursuzluğa düçar olan çoxlu məhsullar var. Buna misal olaraq, yeni və innovativ texnologiyaya əsaslanan, lakin daha az cəlbedici dizayna, aşağı performansa sahib olan hansısa bir məhsulu qeyd etmək olar. Faktiki problemlər nə olursa olsun, bazarda satılmayan məhsul kommersiyalaşdırılmayan məhsul kimi qiymətləndirilir.
Baxmayaraq ki, yeni texnologiya rəqabət aparan texnologiyalardan üstündür və kütləvi istehsal üçün uğurla genişləndirilmiş və məhsullar əhəmiyyətli bir bazar payı qazanmağa müvəffəq olsa da, məhsulların geniş miqyasda surətlərinin çıxarılması zamanı texnologiyaların kommersiyalaşdırılması hələ də uğursuz hesab edilir. Bu zaman patent istehsalçıya surətçıxarma prosesinə qarşı müstəsna hüquqlarını həyata keçirməyə və bazar payını qorumağa imkan verir. Bununla belə, müstəsna hüquqlar bu yeni texnologiyanı əhatə edən və kütləvi istehsal proseslərinin hər hansı yeni və aşkar olmayan xüsusiyyətlərini əhatə edən patentin yazılı açıqlaması və iddialarından irəli gəlir. Patent düzgün tərtib edilmədikdə, istehsalçı surətçıxaran rəqiblərin qarşısını ala bilməz. Hətta patent düzgün yazılmış olsa belə, mövcud hüquq sistemi patenti tam gücü ilə tətbiq etmək imkanına malik olmadıqda, məhkəmə istehsalçının innovativ texnologiyasının geniş miqyasda surətinin çıxarılmasına qarşı qərar çıxarda bilmir və bununla da istehsalçı rəqibləri qarşısında müdafiəsiz qalır.
Araşdırma nəticələri bunu deməyə əsas verir ki, texnologiyanın uğurlu kommersiyalaşdırılmasına nail olmağın həll yolları sadədir:
• Mümkün qədər çox innovativ ixtira yaratmaq;
• Mümkün qədər yüksəkkeyfiyyətli patentlər əldə etmək;
• Daha çox sayda potensial istehsalçılarla əlaqə saxlamaq;
• Daha çox faydalı ola biləcək texnologiyaları əlaqəli patentlərlə birlikdə transfer etmək;
Bu kontekstdə, uğurlu kommersiyalaşdırılma üçün qəbul edilə bilən əsas strategiyalar bunlardır:
• geniş miqyasda daha çox texnologiya, ixtira və patent yaratmaq;
• mükəmməl əqli mülkiyyət ekosistemin yaradılması;
• ixtiraçılar və novatorlarla dolu bir şəbəkənin yaradılması.
Dünyada texnologiyanın kommersiyalaşdırılmasının müvəffəqiyyəti hökumətin tədqiqat və inkişaf vasitəsilə yaradılmış patentlər, qanunvericilik aktları və prototiplərlə müəyyən edilir. Buna görə də, tədqiqat və inkişaf fəaliyyətləri tamamlandıqdan sonra patentlərdən və ya texniki nəticələrdən istifadə etməklə sosial və iqtisadi nəticələr yaratmaq üçün kommersiyalaşdırma prosesinin dəstəklənməsi vacibdir.
Azərbaycanda elmin kommersiyalaşdırılması prosesinə baxdıqda, bilik iqtisadiyyatının və innovasiya ekosisteminin formalaşması istiqamətində bəzi qərarlar (qanunlar, fərmanlar, sərəncamlar, aktlar və s.) qəbul edilmişdir. Azərbaycanda innovasiya ekosistemində bilavasitə mühüm rol oynayan təşkilatlar (ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, texnoparklar, aqroparklar, biznes və sənaye müəssisələri, biznes inkubasiya və akselerasiya mərkəzləri, laboratoriyalar və s.) mövcuddur. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunur: “Elmi tədqiqat, texniki konstruktor işlərinin kommersiyalaşdırılmasına dəstək veriləcəkdir. Bu məqsədlə həyata keçirilən tədqiqatlar maliyyələşdiriləcək, infrastruktur inkişaf etdiriləcəkdir. Müasir dövrdə texnologiyaların kommersiyalaşdırılması innovativ inkişafda prioritet olduğundan, tədqiqat nəticələrinin məhsula çevrilməsi təmin olunacaq və elmi tədqiqatlarda mövcud maneələr müəyyən edilərək aradan qaldırılacaqdır. Nəticədə, innovasiyaların bazara çatdırılması asanlaşdırılacaq, elmi tədqiqat, texniki konstruktor işlərinin üzrə xərclərin ümumi daxili məhsuldakı payı isə 0,1 faiz səviyyəsinə çatdırılacaqdır. Bundan başqa, Strategiya “Elm-Sənaye Klasteri 4.0”-ü formalaşdıracaq və iştirak səviyyəsini ildə 15 faiz artıracaq”.
Strategiyanın müvafiq bəndindən görünür ki, hökumət texnologiyaların kommersiyalaşdırılmasında maraqlıdır və intellektual kapitalın inkişafı məqsədilə həyata keçirilən tədbirlər getdikcə aktuallaşır ki, bu da Azərbaycanın innovasiya ekosistemi, o cümlədən elmin kommersiyalaşdırılması ilə bağlı nikbin proqnozlar verməyə imkan verir.
Koreya-Azərbaycan ekspertlər qrupunun araşdırmaları nəticəsində texnologiyaların transferi və kommersiyalaşdırılma ilə bağlı əsas problemlər aşağıdakılar kimi müəyyən edilib:
• Texnologiya transferi və kommersiyalaşdırılma ilə əlaqəli hüquq sistemi;
• Elm və texnologiyanın kommersiyalaşdırılmasının qeyri-aktiv sistemi;
• Bu əməliyyatlar üçün bazarın kiçik olması;
• Modernləşmə və innovasiyaya marağın az olması.
Tədqiqatlardan əldə edilən iqtisadi və sosial faydaları və dövlət elmi-tədqiqat və inkişaf investisiyalarından əldə olunan gəliri optimallaşdırmaq üçün akademiya və sənaye arasında effektiv əlaqələr lazımdır. Elmi-tədqiqat institutları və sənaye arasında bilik axınları birgə tədqiqat layihələri, təlim, məsləhətləşmə və müqavilələr, elmi tədqiqat məhsullarının kommersiyalaşdırılması, iş yerləri arasında kadr mobilliyi və tədqiqatçılar tərəfindən qeyri-rəsmi əməkdaşlıq vasitəsilə həyata keçirilir. Bu bilik axınları innovasiya yaranmasını sürətləndirən və nəticədə innovativ iqtisadiyyatın formalaşmasına təkan verən mühüm faktor kimi çıxış edir. Bu mənada, texnologiyaların kommersiyalaşdırılması yeni iqtisadi dəyər yaradan bir innovasiya prosesi kimi xarakterizə oluna bilər.