11 fevral 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkının rezidenti “Buta Armor” şirkəti tərəfindən zirehli jiletlərin və aksesuarların istehsalı ilə əlaqədar  müzakirələr aparılmışdır.

     “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov 22 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə zirehli jiletlərin və aksesuarların istehsalı fəaliyyəti ilə məşğul olunmasına xüsusi icazə verildiyini bildirdi.

     İstehsal sahəsinin və ofis binasının eskiz layihəsi aidiyyəti üzrə təqdim edilərək Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanına əsasən şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminə daxil olan ərazi planlaşdırılması sənədləri,  habelə şəhərsalma əsaslandırılması, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinın Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmışdır. Sonradan sənədlər toplusu Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qısa müddətdə təsdiq olunmuşdur.

     İstehsal sahəsinin inşası prosesi ilə bağlı bütün təşkilati işlər tamamlanmışdır.

   Bu Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin Respublikamızın hərbi və müdafiə qüdrətinin yüksəldilməsinə yönələn davamlı töhfələrindəndir. İstehsal olunacaq zirehli jiletlər qoruma keyfiyyətinə görə dünyada üçüncü, Avropada isə birinci yerdədir.