Tədbiri YT Parkın İnfrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov açaraq ölkə başçısının "Elm günü"nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı barədə tədbir iştirakçılarına məlumat verib. O, bu Sərəncamdan irəli gələrək AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığına əsasən "Elm həftəsi"nin keçirildiyini söyləyib.
       Elxan Bayramov "Elm həftəsinin" keçirildiyi üç gün ərzində Bakı Ali Neft Məktəbinin aktiv iştirakına görə təşəkkürünü bildirdi.
       Bakı Ali Neft Məktəbinin və Azərbaycan Texniki Universitetinin tələbələrinə məxsus layihələrin təqdimatları nümayiş etdirilib və onlar ətrafında qaynar müzakirələr aparılıb.
       Təqdimatlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
       Daha sonra qonaqlar üçün YT Parkın ərazisində biznes tur təşkil olunub. Öncə qonaqlara AMEA YT Parkın rezidenti “Elm və texnologiyalar parkı” MMC haqqında məlumat verilərək, aqrar sahə üçün nəzərdə tutulan dərman səpən pilotsuz uçuş aparatları  nümayiş etdirilib. Qonaqlar, həmçinin qurumun rezidentləri – AMEA Təcrübə-Sənaye Zavodu və “Millers oils Azerbaijan” MMC-nin istehsal prosesinə baxış keçirib, sürtkü yağlarının istehsalı və qablaşdırılması prosesi barədə məlumat alıblar.
       Görüşün nəticələri açıq havada təşkil edilmiş çay süfrəsi ətrafında müzakirələrlə davam etdirilmişdir.