İnnovativ inkişaf sahəsində effektivliyin artırılması məqsədilə Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsinin hazırlanması ilə əlaqədar iclas keçirilib
3 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin innovativ inkişaf sahəsində effektivliyin artırılması məqsədilə 10 yanvar 2019-cu il tarixində imzaladığı innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında Sərəncama əsasən, Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsinin hazırlanması ilə əlaqədar “Elm və təhsil” ekspertlər qrupunun iştirakı ilə iclas keçirilib. AMEA Yüksək Texnologiyalar Parkının direktoru i.ü.f.d. Nazim Şükürov da ekspertlər qrupunun üzvü kimi iclasda iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamda nəzərdə tutulur ki, Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsinin hazırlanması müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
İnnovativ inkişaf sahəsində effektivliyin artırılması məqsədilə imzalanan sərəncama əsasən, Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, prezidentin, habelə onun müəyyən etdiyi icra hakimiyyəti orqanlarının yaratdıqları publik hüquqi şəxslər, o cümlədən dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (koordinasiya subyektləri) də müvafiq göstərişlər alıblar.