AMEA Yüksək Texnologiyalar Parkının direktoru Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdə olub

AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev Rusiyaya səfəri çərçivəsində Sankt-Peterburq İnformasiya Texnologiyaları və Mexanika və Optika Milli Tədqiqat Universitetinin (İTMO) rəhbərliyi ilə görüşüb. Görüş zamanı İTMO-nun Biznes-İnkubator Mərkəzinin direktoru Elena Qavrilova və İTMO Texnoparkının müdir müavini Olesya Baranyuk təmsil etdikləri qurumun fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, İTMO-da fəaliyyət göstərən Binez-İnkubator Mərkəzi tələbələri təhsil və elmi-innovativ layihələrə cəlb etməklə gənc sahibkarlığın inkişaf etdirilməsi üçün onlara tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərir. Sonra universitetin texnoparkının Fabrika laboratoriyası (FabLab) ilə tanışlıq olub. Bildirilib ki, tələbələr bu laboratoriya-emalatxanada yüksək texnologiya ilə təchiz olunmuş avadanlıqlardan istifadə edərək fərdi layihələrini həyata keçirirlər. Daha sonra universitetin Optika muzeyinə ekskursiya təşkil edilib. Bildirilib ki, Rusiyanın ilk interaktiv təhsil sərgisi olan Optika Muzeyi İTMO Universitetinin innovativ təhsil proqramı çərçivəsində yaradılıb. Burada müəllim və tələbələr üçün informativ stendlər, lazer oyun otağı mövcuddur. Səfər çərçivəsində AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru Vüqar Babayev Sankt-Peterburq Texnoparkında olub. Texnoparkın baş direktoru Andrey Sokolov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Sankt-Peterburq Texnoparkı Rusiyada innovasiya ekosisteminin təkmilləşdirilməsi məqsədilə innovasiyayönümlü layihələri dəstəkləyir. Görüşdə hər iki texnopark arasında əməkdaşlığın əhəmiyyətindən danışılıb, bu sahəyə investisiya axınını genişləndirməyin vacibliyi vurğulanıb. Sonra AMEA YTP-nin direktoru Vüqar Babayev və Sankt-Peterburq Texnoparkının baş direktoru Andrey Sokolov əməkdaşlığa dair memorandum imzalayıblar. Bildirilib ki, texnoparkların əməkdaşlığı kiçik və orta sahibkarlığın inkişafı üçün birgə proqramların həyata keçirilməsini əhatə edəcək. Sənədin imzalanmasında məqsəd birgə elmi-texniki proqramların, innovativ layihələrin həyata keçirilməsi, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsinin aparılmasıdır.


05.07.2017