AMEA və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin birgə əməkdaşlığı, AMEA YT Parkın təşkilatçılığı ilə “Respublika İnnovasiya Müsabiqəsi”-nin təqdimat mərasimi keçirilib


14 iyun 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında tədqiqatçıların və elmi ictimaiyyət nümayəndələrinin məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə elan edilmiş “İnnovasiya Müsabiqəsi” barəsində tədbir keçirilib.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov dayanıqlı inkişafın təmin edilməsi istiqamətində Respublikada həyata keçirilmiş tədbirlər, dəstəkləyici proqramlar və qəbul edilmiş strateji sənədlər barədə geniş məlumat vermişdir. Eyni zamanda kiçik və orta sahibkarlığın dəstəklənməsi və bu istiqamətdə innovasiyalara investisiya qoyuluşlarının artırılmasının əsas strateji istiqamət olduğunu qeyd etmişdir. Məhz buna görə də innovasiya müsabiqəsinin BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə elan edildiyini çıxış zamanı iştirakçıların diqqətinə çatdırıb.
Eyni zamanda, tədbirdə AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev innovasiyaların vacibliyi və innovativ fəaliyyətin əhəmiyyətindən bəhs ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişaf şöbəsinin müdiri Rəşad Əzizov innovasiya müsabiqəsinin məqsədi və şərtləri barədə təqdimatla çıxış etmişdir.
Sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov ASAN xidmətin layihəsi olan “İdea Bank” vasitəsilə layihələrin qəbulu barədə təqdimatla çıxış etmiş və “İdea Bankın” imkanları barədə geniş məlumat vermişdir.
Sonda iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.


20.06.2018