AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşları Minskdə keçirilən beynəlxalq konfransda iştirak ediblər

Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq konfrans "İnnovativ ideyalardan uğurlu biznesə: Şərq Tərəfdaşlığı ölkələrində innovativ şirkətlərin erkən mərhələdə maliyyələşdirilməsində milli sistemlərin təşviq edilməsi" mövzusuna həsr olunub. Konfransın məqsədi Şərq Tərəfdaşlığı ölkələrində startapların, gənc sahibkarların erkən mərhələdə qarşılaşdıqları maneələri müəyyən etmək, Avropa İttifaqına üzv ölkələrin təcrübəsindən istifadə edərək maneələri aradan qaldırmaqdır. Avropa Komissiyası tərəfindən təşkil olunan konfransda Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova və Ukrayna kimi Şərq Tərəfdaşlığı ölkələrindən biznes və innovasiya sahəsində fəaliyyət göstərən nümayəndələr iştirak ediblər. Konfransda “Keçid iqtisadiyyatında Kiçik və Orta Müəssisələr və İnnovasiya”, “Milli Kontekstdə: İnnovativ müəssisələrin erkən mərhələdə maliyyələşməsində maneələr”, “Biznes və innovasiyanın dəstəklənməsi”, “Şərq Tərəfdaşlığı ölkələrində Kiçik və Orta Müəssisələrin inkişafının dəstəklənməsində Avropa İttifaqı alətlərindən istifadə” mövzularına dair təqdimatlar keçirilib. Avropa İttifaqına üzv ölkələrin innovasiya sahəsində milli təcrübələrinə aid məruzələr dinlənilib. İştirakçı ölkələrdə mövcud ekosistem modellərinə dair təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib. Müzakirələrin məqsədi innovativ biznesin maliyyələşməsi üçün effektiv alətlərin Şərq Tərəfdaşlığı ölkələrinə ötürülməsi və bu sahədə mövcud Avropa Komissiyası mexanizmlərinin araşdırılmasıdır. Konfransdan sonra Azərbaycan nümayəndə heyəti “Şərq Tərəfdaşlıq PLUS” (EaP PLUS) layihəsinin kordinatoru George Bonas ilə görüşüb. Görüşdə AMEA Yüksək Texnologiyalar Parkının həyata keçirdiyi “Elm-Təhsil-Biznes Əməkdaşlığı Platforması” layihəsi çərçivəsində əməkdaşlıq imkanları, avropalı mentorların dəstək proqramları və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.


22.09.2017