AMEA YTP-nin direktorunun müavini Afinada “Tədqiqat və İnnovasiya Siyasəti” mövzusuna həsr olunan seminarda iştirak edib

Yunanıstanın paytaxtı Afinada keçirilən Tədqiqat və İnnovasiya Siyasəti mövzusunda Yüksək Səviyyəli Seminarda AMEA Yüksək Texnologiyalar Parkının direktorunun müavini Məmməd Bağır-zadə iştirak edib. İki gün davam edən seminarda Şərq Tərəfdaşlığı ölkələrini təmsil edən ekspertlər və siyasətçilər müasir tədqiqat və innovasiya siyasətinə dair yenilikləri müzakirə ediblər. Seminar çərçivəsində “İnnovasiya və yeni texnoloji biliklər”, “Elm,Texnologiya və İnnovasiya siyasətinin nəzəri əsasları”, “İnnovasiyaya dəstək alətləri və proqramları” kimi mövzulara dair məruzələr dinlənilib.

Tədbir Avropa Birliyinin Tədqiqat və Texnoloji İnkişaf üzrə 8-ci Çərçivə Proqramı – HORIZON 2020 tərəfindən maliyyələşən “Şərq Tərəfdaşlığı PLUS “layihəsi çərçivəsində təşkil edilib. Seminarın keçirilməsində əsas məqsəd “Şərq Tərəfdaşlıq PLUS” layihəsi çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə Beynəlxalq Əməkdaşlıq Şəbəkəsini genişləndirmək, Şərq Tərəfdaşlığı ölkələri və Avropa Birliyinə üzv ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlığı təşviq etməkdir. Şərq Tərəfdaşlığı ölkələrinin tədqiqat və innovasiyalar üzrə“HORİZON-2020”Çərçivə Proqramında fəal iştirakını təmin etmək də seminarın əsas məqsədlərindən olub. Seminarda daha əvvəl keçirilən 7-ci Çərçivə Proqramı “IncoNet Şərq Tərəfdaşlığı layihəsi”nin nəticələrinə əsaslanaraq, bir sıra innovativ fəaliyyətlər vasitəsilə Avropa Birliyi Şərq Tərəfdaşlığı Elm, Texnologiya və İnnovasiya əməkdaşlığına dair bir sıra problemlər müzakirə olunaraq həlli yolları araşdırılıb.   

 

 


09.11.2017