AMEA-nın Rəyasət Heyətində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, ölkənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. AMEA rəhbəri tarixə ekskursiya edərək ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin avqust plenumundakı çıxışını xatırlayıb: "Heydər Əliyevin plenumda qaldırdığı məsələlər, çıxışı zamanı söylədiyi fikirlər onun strategiyasını, uzaqgörənliyini o vaxtdan müəyyənləşdirdi, həmin plenumda Azərbaycanın bugünkü inkişafının təməli qoyuldu".

Neftlə bağlı ümummilli lider Heydər Əliyevin iştirak etdiyi iclaslara Geologiya İnstitutunun direktoru kimi qatıldığını xatırladan Akif Əlizadə hələ o zamanlar Ulu öndər tərəfindən Azərbaycan neftinin idarəedilməsinə dair səsləndirilən fikirlərin düşünülmüş addım olduğunu bildirib. Alimlərimizin zəhmətini yüksək qiymətləndirən mərhum liderimizin elmə göstərdiyi diqqət və qayğıdan danışan akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyası və elmin inkişafında Ulu öndərin xidmətlərindən söz açıb.

Anım tədbirində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş Ümummilli liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söyləyib. Ulu öndərin elmi-ideoloji mühitlə bağlı gördüyü işlərdən danışan akademik İsa Həbibbəyli azərbaycançılıq ideologiyasının, bu konseptual vəzifənin məhz ümummilli lider Heydər Əliyevin adıyla bağlı olduğunu qeyd edib, azərbaycançılığın milli ideyadan dövlət ideologiyası səviyyəsinə qaldırılmasının onun əvəzsiz xidmətlərindən olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti mərhum liderin xidmətləri və qayğısı sayəsində xalq tarixinə, milli adət-ənənələrimizə sadiq nümunələrin meydana gəldiyini, yeni məktəblərin formalaşdığını, dünya azərbaycanlıları anlayışının yarandığını və eyniadlı qurultayın keçirildiyini, Azərbaycan dilinin qorunması və təkmilləşdirilməsinə başlanıldığını, milli dövlətçiliyimizə göstərilən qayğının bariz nümunəsi olaraq Azərbaycan ədiblərinə verilən qiymətin dəyişdiyini vurğulayıb.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov "Heydər Əliyev və Yeni Azərbaycan Partiyası" mövzusunda məruzəylə çıxış edib. Azərbaycan dövlətinin həyatında həlledici rolu olan dahi şəxsiyyət Heydər Əliyevin xalqa xidmətlərindən bə​hs edən komitə sədri Ümummilli liderin Azərbaycanın çətin dönəmlərində bütün maneələrə baxmayaraq xalqı bu vəziyyətdən çıxara bildiyini deyib.

Məruzəsində Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən danışan natiq partiyanın bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini dilə gətirib.

Daha sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Heydər Əliyev və İslam həmrəyliyi" mövzusunda məruzəylə çıxış edib. Görkəmli dövlət xadimimizin dünyanın hər yerində anılan bir şəxsiyyət olduğunu deyən Mübariz Qurbanlı Ulu öndərin anım gününün bir çox ölkədə qeyd edildiyini bildirib. Dövlətimizin söykənəcəyi ideoloji prinsipləri əvvəlcədən müəyyənləşdirən Ümummilli liderin yaratdığı bu prinsiplərin əbədi olduğunu vurğulayan Mübariz Qurbanlı mərhum liderin Azərbaycan xalqı üçün böyük bir irs qoyduğunu diqqətə çatdırıb.


11.12.2017