Yüksək Texnologiyalar Parkının nəznində pilotsuz uçuş aparatlarının hərəkət dayanıqlılığının təmin edilməsi məqsədilə aparılan elmi-tədqiqat və təcrübə işləri yekunlaşıb.
Müxtəlif idarəetmə komandaları və GPS sisteminin qeyri-işlək şəraitində pilotsuz uçuş aparatlarının (PUA) hərəkət dayanıqlılığının təmin edilməsi və PUA-ların stabilizasiya sisteminin işlənməsi məqsədilə Yüksək Texnologiyalar Parkı tərəfindən 2022-ci ilin fevral ayından etibarən elmi-tədqiqat və təcrübə işləri üzrə layihəyə start verilmişdir.
Layihənin icra olunmasına 8 nəfər olmaqla mühəndis, iqtisadçı və informasiya texnologiyaları üzrə mütəxəssislər cəld edilmişdir. Bu tipli layihələrinin həyata keçirilməsi Azərbaycanda texnoloji inkişafın bu sahədə qabaqcıl olan ölkələrlə əməkdaşlığın artırılması və mütəxəsislərin yetişməsində böyük rolu olacaqdır.
Layihənin tətbiqi məqsədilə seçilən modelinin əsas parametrləri aşağıdakılardır:
- Qanad genişliyi: 1800mm
- Gövdəsinin uzunluğu: 1230mm
- Ümumi hündürlüyü: 350mm
- Gövdəsinin maksimum eni: 134mm
- Boş kütləsi : 960q
- Maksimum uçuş kütləsi: 5800q
- Maksimum uçuş müddəti: 210dəq.
- Maksimum uçuş sürəti: 150km/saat
- Maksimum uçuş hündürlüyü: 5000m
- Qanad profili : BOEING 103 AIRFOIL
- Quyruq profilləri: Simmetrik -NASA 0010.
Layihə çərçivəsində qarşıya qoyulan və həll edilən başlıca məsələlər:
- Stabilizasiya sisteminin işlənməsi;
- Məsafədən idarəetmə (Receiver və Transmitter) sisteminin işlənməsi;
- GPS və idarəetmə əlaqələri kəsildikdə təyyarənin özünü idarəetmə alqoritminin işlənməsi;
- Tam hazırlanmış modelin müşahidə, spektral analiz, radioekoloji monitorinq, xəritəçəkmə, digər hərbi və mülki layihələrdə tətbiq edilməsini əhatə edir.
Bu texnologiyanı istehsal edən ölkələr gələcək nəsil aviasiya anlayışı olaraq görülən kosmos və aviasiya sənayesində ən böyük pay sahibi olacaqlar. Eyni zamanda, bu sahədə həyata keçiriləcək istehsal, irəli sürülən texnologiyanın mürəkkəb quruluşu sayəsində ölkənin geniş texnoloji qazanc əldə etməsinə şərait yaradacaq.
Bu sənayenin əhatə dairəsinə görə çox mürəkkəb şəkildə bir çox elmləri özündə ehtiva etməsi ölkədə təkcə bir sektorda deyil, digər sahələrdə də texnoloji nailiyyətə təsir edərək, tədricən inkişafı təmin edir. Son zamanlar pilotsuz uçuş aparatları (PUA) istər hərbi, istərsə də mülki məqsədlər üçün geniş tətbiq olunur. Bu məqsədlə layihə çərçivəsində qarşiya qoyulan məsələlərin həlli çox vacib hesab olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.