Səkkiz ölkə NASA-nın “Artemis müqaviləsi”ni imzalayıb
ABŞ və daha yeddi ölkə – Avstraliya, Kanada, Yaponiya, Luksemburq, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri NASA-nın “Artemis müqaviləsi”ni imzalayıb.
meduza.io xəbər verir ki, NASA Ay tədqiqatlarını vahid çərçivəyə salmağı hədəfləyən beynəlxalq platforma olan “Artemis müqaviləsi” barədə may ayında elan etmişdi. Proqram çərçivəsində Aya tədqiqat robotları və astronavtlar, o cümlədən ilk dəfə qadın göndərmək, Aydan torpaq və buz nümunələrini gətirmək də nəzərdə tutulur.
“Artemis müqaviləsi”ndə Ayda mədənçilik fəaliyyəti, Ayın səthinə dair ziddiyyətlərin aradan qaldırılması yolları kimi məsələlərə dair qaydalar təsbit olunub.
NASA rəhbəri Cim Braydenstayn (Jim Bridenstine) başlıca hədəflərinin Ay tədqiqatlarına dair mütəxəssisləri vahid platformada biləşdirmək, eləcə də bununla bağlı gələcəkdə anlaşmazlıqların, ziddiyyətlərin qarşısını almaq olduğunu qeyd edib: “Biz hər ölkənin razılaşa biləcəyi müəyyən davranış normalarını bərqərar etməyə çalışırıq”.
“Artemis müqaviləsi”nə maraq göstərən bir sıra digər ölkələrlə danışıqlar aparıldığı, bu ölkələr arasında kosmik fəza tədqiqatları sahəsində liderlər – Rusiya və Çinin olmadığı da diqqətə çatdırılıb.
Qeyd edək ki, “Artemis müqaviləsi” üçün əsas müddəalar 1967-ci ildə imzalanmış Xarici Fəza Sazişində yer alıb. Həmin sənəd fəza tədqiqatlarının yalnız dinc məqsədlərə xidmət etməsi, fəzada kütləvi qırğın silahlarının yerləşdirilməməsi, yaxud Ayın ayrı-ayrı dövlətlərin suverenliyinə daxil edilməməsi kimi prinsipləri nəzərdə tutur.