Yüksək Texnologiyalar Parkında əqli mülkiyyətə dair onlayn tədbir keçirilib
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə həyata keçirdikləri “Patent tələbləri” mövzusunda ikinci onlayn seminar keçirilib.
Seul Milli Universitetinin professoru Yangtak Şimin təqdimatı ilə keçirilən mühazirədə patent hüququ, patent iddiaları, ərizə formaları, patentin əldə edilməsi və qorunması, patentləşə bilən yeniliklər, patent müraciətlərinin problemləri, etibarsız patentlər, patent pozuntuları ilə bağlı maraqlı məlumatlar iştirakçılara təqdim edilib.
Təqdimatın əsas məqsədi Koreya patent sisteminin təcrübəsinin öyrənilməsi olub.
Onlayn mühazirədə Əqli Mülkiyyət Agentliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universitet, Qərbi Kaspi Universiteti, Bakı Mühəndislik Universiteti, İqtisadi Zonaların İnkişafı Agentliyi, YTP-nin və özəl sektora aid müəssisələrin nümayəndələri iştirak edib, maraqlı müzakirələr aparılıb.
“Əqli mülkiyyət-İpək Yolu Azərbaycan” mövzusu üzrə keçirilən növbəti təlimlərdə “Güclü patenti necə əldə etmək olar?”, “Seleksiya patentləri və mülkiyyət hüquqları”, “Patent lisenziyası və kommersiyalaşdırılma” və “Patent biznesi” mövzularından bəhs ediləcək.