Yüksək Texnologiyalar Parkı ADA Universitetinin 11-ci karyera sərgisində iştirak edib
AR Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) fəaliyyətə başladığı ilk gündən etibarən elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirməyi, elmi nəticələri kommersiyalaşdırmağı, intellektual biznesin formalaşdırılması istiqamətində özəl sektor və akademik qurumlarla əməkdaşlıq etməyi qarşısına məqsəd qoymuşdur.
Texnopark aprelin 27-də ADA Universitetində keçirilən 11-ci karyera sərgisində iştirak edib. Sərgidə ADA Universitetinin tələbə və məzunlarına şirkət və qurumların təqdim etdiyi karyera fürsətləri barədə ətraflı məlumat verilib. Sərgi iştirakçıları YTP-da müxtəlif karyera imkanları, qısamüddətli təlimlər, könüllülük, eləcə də yay məktəblərində iştirak etmək imkanları haqqında məlumatlandırılıblar.
Qeyd edək ki, sərgidə “Böyük dördlük”dəki şirkətlərin Azərbaycan nümayəndəliyi (“Big four companies”), Energetika, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, bank, turizm, kommunikasiya sahəsindəki tanınmış şirkət və holdinqlər, beynəlxalq təşkilatların nümayəndəlikləri daxil olmaqla 129 şirkət və qurum təmsil olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.