“Heydər Əliyev və yeni Azərbaycan” adlı konfrans keçirilib.
Dekabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda konfrans keçirilib.
Konfransda Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, elm və təhsil naziri Emin Əmrullayev, YAP-ın İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov, YAP-ın Veteranlar Şurasının üzvü Əli Həsənov və digər qonaqlar iştirak ediblər.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca isə Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək 2023-cü ilin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi baxımından xalqımızın tarixində ən şanlı illərdən biri olduğunu, həmçinin ölkəmizin müxtəlif təhsil müəssisələrində Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlərin keçirildiyini vurğulayıb.
Prezident İlham Əliyevin ulu öndərin əsasını qoyduğu təhsil siyasətini uğurla davam etdirdiyindən də danışan nazir dövlət proqramları, son illərdə Azərbaycanda 3500-ə qədər məktəbin tikilməsi, əsaslı təmiri, hazırda ölkə üzrə 300 mindən artıq şagirdin proqramlaşdırma dərslərinə, 100 mindən artıq şagirdin isə STEAM dərslərinə cəlbi, Xankəndi şəhərində Qarabağ Universitetinin təsisi məsələlərini diqqətə çatdırıb.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda ADNSU-nun tələbələrinin ifasında bədii hissə təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.