TRİZ ixtiraçılıq prinsipləri - onlayn təlim
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə həyata keçirdikləri “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində “TRİZ ixtiraçılıq prinsipləri” mövzusunda onlayn təlim keçirilib.
Təlimdə Seul Milli Universitetinin professoru Yangtak Şim patentin pozulması və bloklanması kimi problemlərin TRİZ metodologiyası ilə həlli yollarına dair təqdimatla çıxış edib. Həmçinin təlim iştirakçılarının hazırladıqları 3 müxtəlif problemin həllinə dair qısa təqdimatlar dinlənilib və müzakirələr aparılıb.
Rusca “Teoriya reşeniya izobretatelskix zadaç” (İxtira problemlərin həlli nəzəriyyəsi) sözlərinin baş hərflərindən yaranan TRİZ nəzəriyyəsinin müəllifi Genrix S. Altşuller 5 yaşı olanda Daşkənddən Bakıya köçüb. Orta təhsilini və natamam ali təhsilini Bakıda alıb. G. Altşuller Azərbaycan Neft və Kimya İnstitunun (indiki ADNSU) məzunudur.
Keçən əsrin ortalarında Bakı şəhərində yaradılmış (TRİZ) texniki problemlərin həlli və texniki sistemlərin təkmilləşdirilməsi üçün metodlar sistemidir. TRİZ ideyası, fərqli texniki problemlərin eyni üsullarla həll edilməsidir. TRİZ 40 ümumi təyinatlı ixtiraçılıq texnikasına, 76 standart həll şablonuna, əlavə bir neçə başqa ideya və fikirlərə əsaslanır. Hər hansı bir problemi həll etmək üçün TRİZ istifadəçiləri problemi ümumiləşdirilmiş formata salır, müvafiq metodlardan istifadə edərək bu problemi həll edir, daha sonra ilkin problemə qayıdır və tapılan həlli burada tətbiq edirlər.
TRİZ bu gün dünyanın inkişaf etmiş ölkələrinin sənayesində böyük uğurla tətbiq edilir. Öz iqtisadi əhəmiyyətinə və populyarlığına görə TRİZ qeyri-səlis məntiq nəzəriyyəsi ilə müqayisə edilə bilər. Son 20 ildə dünyada yaradılan innovasiyaların xeyli hissəsi TRİZ vasitəsilə hazırlanıb. Bu gün Yaponiya, Çin, Cənubi Koreya, ABŞ və Avropanın çox ölkələrində TRİZ çox uğurla tətbiq edilir. Hətta Yaponiya və Koreyanın universitetlərinə qəbul imtahanlarında TRİZ-dən suallar daxil edilir. Dünyanın bir çox aparıcı texnoloji universitetlərində TRİZ fənni tədris edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.