Elm və təhsil naziri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb.
Elm və təhsil naziri Emin Əmrullayev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb.
Görüşdə təhsil sistemində həyata keçirilən islahatlar, agentlikdə müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlər, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər və gələcək planlar barədə danışılıb.
Emin Əmrullayev təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması üçün bir sıra məsələlərin icra səlahiyyətlərinin yerlərə ötürülməsinin əsas məqsədlərdən biri olduğunu vurğulayıb. Nazir Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi təhsil siyasətində agentliyin rolunu, ümumi strategiyaya uyğun olaraq proseslərə nəzarət və icra mexanizminin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb.
Ölkə üzrə məktəbəqədər təhsilin göstəricilərinin inkişafı barədə müzakirələrin də aparıldığı görüşdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və məzmunun təkmilləşdirilməsi, pedaqoji və idarəetmə heyətinin peşəkarlığının artırılmasının müvafiq istiqamətdə inkişafa töhfə verəcəyinə əminlik ifadə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.