Azərbaycan elminə ağır itki üz verib
Tanınmış kimyaçı alim və elm təşkilatçısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, akademik Musa Rüstəmov ömrünün 93-cü ilində vəfat edib.
Musa İsmayıl oğlu Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsini bitirib və Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda elmi fəaliyyətə başlayıb. Alim 1959-1988-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik və böyük elmi işçi, laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1988-2011-ci illərdə həmin institutun direktoru olub. 2011-ci ildən vəfatına kimi müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri vəzifəsində işləyib.
O, 1961-ci ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib, 1971-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. Musa Rüstəmovun əsas fəaliyyət istiqaməti neft emalının dərinləşməsi üçün heterogen katalitik proseslərin yaradılması sahəsində olub. Onun rəhbərliyi altında yeni nəsil katalitik krekinq prosesi sistemi (Q-43-107) yaradılıb. Bu yüksək səmərəli sistem keçmiş SSRİ-nin bir sıra zavodlarında və “Azərneftyanacaq” İB-də (indiki Heydər Əliyev adına NEZ) tətbiq olunub.
Alimin rəhbərliyi altında respublikamızda hidrogen energetikası sahəsində ilk tədqiqat işləri aparılıb, enerji daşıyıcılarının respublikamızda gələcək istifadəsi konsepsiyası, Azərbaycan neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanıb. Alim əldə etdiyi nailiyyətlərinə və elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə 1979-cu ildə “Azərbaycan SSR Əməkdar elm xadimi”, 1982-ci ildə isə “Azərbaycan SSR Dövlət mükafatı laureatı” adlarına layiq görülüb, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub. O, həmçinin 2002-ci ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində “Elm və texnologiya” mükafatına layiq görülüb.
Akademik Musa İsmayıl oğlu Rüstəmovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin!
AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.