Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. Bu baxımdan, bütün xalqların və millətlərin timsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir.
Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir.
Bu, bir həqiqətdir ki, əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub saxlamaq arzusunda olub. Lakin Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin buraya olan marağını artırıb. Ona görə də Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib.
Bütün bu başverənlərin təzahürü nəticəsində,2010-cu il 1 sentyabr tarixində Bakıda Dövlət Bayrağı Meydanının açılışı oldu. Həmin gün topların yaylım atəşlərinin müşayiəti ilə hündürlüyü 162 metr olan sütun üzərində üçrəngli bayrağımızın dalğalanmasını bütün dünya seyr etmişdi. Bununla da dünya Azərbaycan xalqının üçrəngli bayrağına olan sevgisini, hörmətini gördü.
2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib.Döyüşlər zamanı vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün, ən azından, həyatdaykən bayrağımızın yüksək zirvələrə daşınmasına çalışmalıyıq. 44 gün davam edən Vətən müharibəsi dövrü Azərbaycanın qələbəsi ilə başa çatıb və azad edilən torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılıb.
Sadalananlar onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.