Kimya Elmləri Bölməsinin illik hesabatlarına həsr olunmuş iclası keçirilib.
Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA-nın Kimya Elmləri Bölməsinin (KEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, BDU və ADNSU-nun əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, KEB-in sədri, akademik Dilqəm Tağıyev iclasın Kimya Elmləri Bölməsinə daxil olan institutların, eləcədə BDU-nun Kimya və ADNSU-nun Kimya Texnologiya Fakültələrinin 2023-cü ildə aprılmış elmi tədqiqat işlərinin yekunlarına həsr olunduğunu bildirib.
Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, tətbiq olunan işlər, beynəlxalq əlaqələr, keçirilən tədbirlər barədə məlumat verib. Alim bildirib ki, cari ildə elmi müəssisədə 6 problem üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 17 mühüm elmi və tətbiqi nəticə əldə edilib. İnstitut tərəfindən “Xəzər” deemulqatorunun müqavilə əsasında istehsalı davam etdirilib. Eyni zamanda əməkdaşlar tərəfindən Bituma adgeziya qatqısı “V-2” və Parkarin-22 A inhibitoru müqavilələr əsasında istehsal edilib.
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı təmsil etdiyi qurumun cari ildəki hesabatını təqdim edib. Alim bildirib ki, cari ildə institutda 3 problem üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində 11 mühüm elmi nəticə əldə edilib. Aparılmış tədqiqatların nəticələri 143 məqalə və 176 (86 xaricdə) tezis şəklində çap olunduğunu diqqətə çatdırıb.
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, k.e.d. Əfsun Sucayev təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən hesabatı təqdim edib. Ə.Sucayev bildirib ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2023-cü ildə 11 mühüm elmi nəticə əldə olunub. Eyni zamanda cari ildə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış xüsusi təyinatlı yağ Təcrübə-Sənaye Zavodunda yeni quraşdırılan qurğuda istehsal olunaraq noyabr ayında AR Müdafiə Nazirliyə təqdim olunub. Yağ Nazirliyin sərəncamında olan müvafiq xüsusi təyinatlı texnikada son sınaqlardan keçirilməkdədir. Həmçinin institutda yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı institutun “Aşqar” EİB-də bu il də davam etdirilib.
Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov illik hesabat təqdim edərək təmsil etdiyi elmi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, nəşr olunmuş məqalələr barədə məlumat verib. Alim bildirib ki, Polimer Materialları İnstitutunda cari ildə aparılan elmi-tədqiqat işləri 7 mühüm elmi nəticə ilə yekunlaşıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 59 çap olunmuş məqalədə öz əksini tapmışdır. Məqalələrdən 23-ü respublikada, 36-ı xaricdə çap olunub. Cari ildə 1 iş tətbiq üçün tövsiyə olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiya Fakültəsinin dekanı prof. Sevinc Məmmədxanova bildirib ki, fakültədə 4 mövzu üzrə elmi tədqiqat işləri aparılıb. Fakültəyə daxil olan kafedraların əməkdaşları tərəfindən cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticəsi 2 monoqrafiyada, 30 dərs vəsaitidə, 7 patent və 338 məqalə və tezisdə öz əksini tapıb. Onlardan 132-i pespublikada, 206-ı xaricdə çap olunub ki, onlardan da 82-i Web of Science və Scopus bazalarında indeksləşən jurnallardadır.
Sonda çıxış edən akademik Dilqəm Tağıyev prioritet istiqamətlər üzrə tədqiqat işlərinin davam etdirilməsinin, eyni zamanda respublika iqtisadiyyatına töhfə verə bilən tətbiqi yönümlü elmi-tədqiqat işləri ilə bağlı aparılan araşdırmaların daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıb. Akademik qeyd edib ki, elm və təhsilin inteqrasiyası istiqamətində işlər genişləndirilməli, birgə elmi-tədqiqat işlərinin aparılmasına, layihələrin həyata keçirilməsinə, kadr hazırlığına xüsusi önəm verilməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.