Koreya Respublikasının ölkəmizdəki konsulu Yüksək Texnologiyalar Parkını ziyarət edib.
Koreya Respublikasının ölkəmizdəki səfirliyinin konsulu Hwang Youkyoung və əməkdaşları Yüksək Texnologiyalar Parkında (YTP) olublar.
Əvvəlcə qonaqlar YTP-də Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, dahi şəxsiyyətə öz ehtiramlarını ifadə ediblər.
Görüş zamanı, YTP-nin baş direktoru Vasif Abbasov Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə YTP-nin əməkdaşlığından danışıb. Qeyd olunub ki, 2017-ci ildə başlayan əməkdaşlıq “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi ilə hazırda davam edir.
Daha sonra, YTP-nin icraçı direktoru Zaur Nəhmətov ölkə Prezidentinin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalaması ilə YTP-nin 2022-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildiyini xatırladıb. O, bu qərarın texnoparkın ali təhsil müəssisələri ilə daha sıx əməkdaşlıq etməsi üçün geniş imkanlar açdığını bildirib, bir çox ali təhsil müəssisələrindən tələbələrin texnoparkda təcrübə keçdiklərini əlavə edib.
Sonda Koreya şirkətləri və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq və YTP-yə texniki dəstəyin göstərilməsi məsələləri ətrafında müzakirələr aparılıb.© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.