ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilib
Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində ADNSU-nun “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının 60 illik yubileyinə həsr olunmuş “Makromalekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda ikigünlük Beynəlxalq elmi-texniki konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirinin müavini, professor Rauf Hacıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Elm və Təhsil Nazirliyi akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, BDU-nun üzvi kimya kafedrasının müdiri, Elm və Təhsil Nazirliyi akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru professor Vaqif Fərzəliyev, Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun baş direktoru, professor Bəxtiyar Məmmədov, Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və digər elmi institutların, sənaye müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, konfransın sədri, dosent Vazeh Əskərov qonaqları və iştirakçıları salamlayaraq universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29” çərçivəsində bir sıra tədbirlər keçirildiyini qeyd edib. O, ölkəmizdə kimya elmi və sənayesinə mühüm töhfə vermiş “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının 60 illiyinə həsr olunmuş beynəlxalq elmi-texniki konfransa ölkə miqyasında və respublikanın hüdudlarından kənarda böyük marağın göstərilməsindən qürur hissi keçirdiyini bildirib.
Konfransda xarici ölkələrdən gələn qonaqlardan Türkiyə Cümhuriyyətinin Yıldız Texniki Universitetindən dr. Osman Sağdıç, Sakarya Universitetindən Kimya bölməsinin professoru Ahmet Tutar, Misir Delta Elm və Texnologiya Universitetinin prezidenti, prof. Yehia Elmashad geniş təqdimatla çıxış ediblər. ADNSU-nun elmə verdiyi töhfələrdən, yetişdirdiyi kadrlardan xəbərdar olduqlarını bildiriblər.
Qeyd edək ki, konfransa 170-dək elmi məqalə və 220-dən artıq tezis təqdim olunub, 24 məqalə “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.