Tədqiqat və inkişaf fəaliyyətləri: özəl sektorun elmi araşdırma ehtiyacları
“Tədqiqat və inkişaf” beynəlmiləl termin olaraq (research and development- R&D) biliyə əsaslanan tətbiqi fəaliyyətləri ifadə etmək, yeni istehsal texnologiyalarının inkişafı, yeni məhsul və xidmətlərin əldə edilməsi və digər bu kimi fəaliyyətləri ifadə etmək üçün istifadə olunur. Fərqli fəaliyyət sahələrinə yenilik gətirmək və daha uğurlu nəticələr əldə etmək üçün aparılan tədqiqat və inkişaf fəaliyyətləri innovasiya prosesinin təməl prinsipləri arasındadır. Hər hansı bir şirkət yaradılarkən nəzərə alınmalı olan tədqiqat və inkişaf çalışmaları fərq yaratmağa və rəqiblərdən seçilməyə imkan verir. Tədqiqat və inkişaf fəaliyyətləri dünyada müxtəlif məhsulların istehsalı və xidmətlərin həyata keçirilməsindən əvvəl tətbiq olunan bir baxış və sınaq prosesidir. Bu prosesdə yeni məhsulların və təqdim edilən xidmətlərin necə daha yaxşı və funksional hala gətirilə biləcəyi, gözlənilən faydanı təmin edib-etməməsi kimi məqamlar araşdırılır. Daha çox sərmayə qoyan şirkətlərin tədqiqat və inkişaf layihələri hazırlaması son dərəcə vacibdir. Çünki bu layihələr şirkətlərə unikal məhsul və xidmət üsullarını müəyyən etməyə və onların fərqli xüsusiyyətlərini yaratmağa imkan verir. Tədqiqat və inkişaf fəaliyyətləri sayəsində şirkətlər rəqibsiz, analoqu olmayan xidmət və məhsullarını inkişaf etdirərək, olduqları sektordakı mövqelərini sabit saxlaya bilirlər. Tədqiqat və inkişafın əsas məqsədi xidmət və ya məhsulu bazara çıxarmazdan əvvəl onu ən yaxşı və keyfiyyətli etməkdir. Digər məqsədi şirkətin gəlirliliyini artırmaqdır. Bu səbəblə tədqiqat və inkişafı xarakterizə edərkən sistemli şəkildə davam etdirilən yaradıcı və inkişaf yönümlü bir iş prosesi, naməlum olanı tanımağa və öyrənməyə yönəlmiş elmi-texnoloji fəaliyyət və mövcud bilik və ya texnologiyanı yeni qaydalarla daha yaxşıya yönəltmək cəhdi kimi dəyərləndirmək mümkündür. Tədqiqat və inkişafla gələcək uğur olduqca uzunmüddətlidir, burada ani mənfəət gözləntisi yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının şöbə müdiri Bünyamin Seyidovun “Tədqiqat və inkişaf fəaliyyətləri: özəl sektorun elmi araşdırma ehtiyacları” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Dünyada tədqiqat və inkişaf fəaliyyətləri universitetlər, dövlət qurumları və özəl sektora aid olan müəssisələr tərəfindən həyata keçirilir. Bu səbəblə universitetlərin əsas vəzifələri arasında təhsil, araşdırma ilə yanaşı, peşələr də mühüm yer tutur.
Tədqiqat və inkişaf layihələri şirkətlərin fəaliyyət sahələrindən asılı olaraq tətbiq və məzmun baxımından fərqlənməklə bir çox fərqli sahədə həyata keçirilə bilər. Qida, neft-qaz, texnologiya, infrastruktur, maliyyə və səhiyyə kimi sektorlar tədqiqat işlərinin böyük əhəmiyyət kəsb etdiyi sahələrdir. Bu sahələr xaricində avtomobil, tekstil, kimya, metallurgiya kimi sahələrdə, o cümlədən xidmət sahələrində davamlı tədqiqat və inkişaf işləri aparılır.
Bəs tədqiqat özəl sektora, o cümlədən sənayeyə niyə lazımdır?
Bu sualın cavabını araşdırmalara əsasən qısa şəkildə belə vermək olar:
Yeni məhsulların istehsalı;
Məhsulun keyfiyyətinin və ya standartının artırılması;
Xərcləri azaldan və standartları yüksəldən yeni texnologiyaların inkişafı;
İnnovativ ideyalar yaratmaqla rəqiblər arasında fərqin saxlanılması və artırılması;
Mövcud problemlərə müxtəlif həllər təklif etmək;
Yeni istehsal texnologiyalarının və modellərinin inkişafı;
Yerli bazarda şirkətləşmək və qlobal bazarda brendə çevrilmək.
Dünya təcrübəsi göstərir ki, tədqiqat və inkişaf fəaliyyətlərinə şirkətlər əhəmiyyətli kapital qoyurlar. UNESCO-nun statistikasına görə, tədqiqat və inkişafa qoyulan qlobal xərclər demək olar ki, 1,7 trilyon ABŞ dolları təşkil etməklə rekord həddə çatıb. Xərclərin 80 faizi 10-a yaxın ölkənin (ABŞ, Çin, Yaponiya, Hindistan, Almaniya, Cənubi Koreya, Fransa, Böyük Britaniya, Tayvan, Rusiya) payına düşür. Avropa İttifaqının 2021-ci ildə tədqiqat və inkişafa ayırdığı vəsait 328 milyard avro olub. 2011-2021-ci illər arasında Avropa İttifaqının tədqiqat və inkişaf xərclərinin böyük hissəsi özəl sektorda həyata keçirilib ki, bu da sözügedən xərclərin üzv ölkələrin ümumi daxili məhsulda (ÜDM) payının 2011-21-ci illər arasında 1,27 faizdən 1,50 faizə yüksəlməsinə səbəb olub.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin bir hissəsi olaraq, ölkələr 2030-cu ilə qədər dövlət və özəl tədqiqat və inkişaf xərclərini, eləcə də tədqiqatçıların sayını əhəmiyyətli dərəcədə artırmağı öhdələrinə götürüblər. Bir çox ölkələr elmi-tədqiqat və inkişaf xərcləri üçün milli hədəfləri ÜDM payı kimi müəyyən etməklə həm özəl, həm də dövlət sektoruna daha çox sərmayə qoymağa çalışır.
Bununla yanaşı, ölkələr elmi-tədqiqat və inkişaf xərclərinin riskə uyğunlaşdırılmış təxminlərini müəyyən edirlər ki, bu da istər-istəməz kapital riskini ehtiva edir, çünki burada investisiya gəliri qeyri-müəyyəndir. Tədqiqat və inkişafa daha çox vəsait ayırdıqda kapital riskinin səviyyəsi artır. Elə şirkətlər də var ki, ölçü və qiymət də daxil olmaqla müxtəlif səbəblərə görə öz tədqiqat və inkişaf işlərini kənardan satın almaqla təmin edirlər. Buna baxmayaraq, bu proseslərə kifayət qədər ciddi sərmayələr yatırılmaqdadır.
Dünyada tədqiqat və inkişaf fəaliyyətlərinin necə həyata keçirilməsini təhlil edərkən belə qənaətə gəlirik ki, sistemli planlaşdırma olmadan və müəyyən proqrama söykənmədən bu proses həyata keçirilə bilmir. Dünya təcrübəsində tədqiqat və inkişaf fəaliyyətlərinin birinci mərhələsi müşahidə olaraq qəbul edilir. Müşahidə prosesi zamanı hiss olunan ehtiyacların yoxlanılması aparılır. Təbii ki, hər mərhələ əhəmiyyətlidir, lakin müəyyənləşməni düzgün etmək üçün ilk növbədə doğru müşahidənin aparılması son dərəcə vacibdir. Buna görə də müşahidə mərhələsində fundamental tədqiqat aparılmalıdır. Sonra müşahidə nəticəsində əldə edilən yeni məlumatların tətbiq oluna biləcəyi yoxlanılır. Bu mərhələdə nəzəri və eksperimental təcrübələrdən istifadə olunur. Daha sonra eksperimental inkişaf prosesi başlayır. Bu prosesdə hədəf olaraq götürülən məhsul və ya xidmətin inkişafı tamamlanır, prototip hazırlanaraq istifadəyə verilir.
Azərbaycanda tədqiqat və inkişaf fəaliyyətləri necə həyata keçirilir?
Respublikamızda tədqiqat və inkişaf fəaliyyətləri ilə məşğul olan təşkilatların sayı 2020-ci ildə 127, 2021-ci ildə isə 134 olub. Dövlət sektoru üçün bu göstəricilər 2020-2021-ci illərdə müvafiq olaraq 86 və 90 olaraq müəyyən edilib. Özəl sektorda 2020-ci ildə 4, 2021-ci ildə isə 7 təşkilat tədqiqat və inkişaf fəaliyyətləri həyata keçirib. Ali təhsil müəssisələri üzrə isə həm 2020, həm də 2021-ci illərdə 37 təşkilatda bu tip fəaliyyətlər icra edilib.
Azərbaycanda tədqiqat və inkişaf fəaliyyətlərinə çəkilən xərclər ümumən 2020-ci ildə 162 milyon 452 min 500 manat , 2021-ci ildə isə 194 milyon 197 min 300 manat təşkil edib. Dövlət sektorunda bu xərclər 2020-ci ildə 139 milyon 115 min 900 manat, 2021-ci ildə 158 milyon 679 min 400 manat, özəl sektorda 2020-ci ildə 5 milyon 478 min 400 manat, 2021-ci ildə 5 milyon 729 min 300 manat, universitetlərdə isə 2020-ci ildə 17 milyon 858 min 200 manat, 2021-ci ildə isə 29 milyon 788 min 600 manat olub. 2020-ci ildə dövlət sektorunda tədqiqat və inkişaf xərclərinin 64,5 faizi, 2021-ci ildə 58 faizi əməkhaqlarına sərf edilib.
Yuxarıda qeyd edilən statistik məlumatlardan məlum olur ki, Azərbaycanda tədqiqat və inkişaf fəaliyyətləri üzrə xərclərdə artım müşahidə olunsa da, özəl sektor bu fəaliyyətdə olduqca geridədir. 2020-ci ildə ümumi xərclənən vəsaitin yalnız 3,3 faizi, 2021-ci ildə 2,9 faizi özəl sektorun payına düşür. Tədqiqat və inkişaf fəaliyyətləri ilə məşğul olan təşkilatların sayında artım müşahidə olunsa da, özəl sektorda bu cür təşkilatlar olduqca azlıq təşkil edir (2020-2021-ci illərdə müvafiq olaraq 3 faiz və 5 faiz)
Azərbaycanda özəl sektora aid müəssisələrin tədqiqat və inkişaf fəaliyyətlərini dar çərçivədə və məhdud vəsaitlərlə həyata keçirmələrinin müxtəlif səbəbləri ola bilər. Bunlar innovativ istehsal və xidmətlərə ehtiyac duyulmaması, tədqiqatçılarla bir araya gəlməkdə problemlər, tədqiqata ayrılan vəsaitin büdcə planlamalarına daxil edilməməsi və ya izafi xərclər kimi baxılması, tədqiqat və inkişaf üzrə maariflənmənin aşağı səviyyədə olması və digər faktorlar ola bilər. Bunları nəzərə alaraq Azərbaycanda, xüsusilə özəl sektor üçün tədqiqat və inkişaf fəaliyyətlərinin artırılması üçün aşağıda qeyd edilənlər təklif oluna bilər:
-Tədqiqat və inkişaf strategiyaları rəqabətqabiliyyətliliyə söykənməli, rəqabətli prioritet sahələr və bu sahələrə istiqamətləndirilmiş tədqiqat və inkişaf layihələri müəyyən edilməli;
-Bu strategiyalar qlobal və gələcək tendensiyalar nəzərə alınmaqla yaradılmalı;
-Azərbaycanın regional səviyyədə rəqabətqabiliyyətli innovasiya strategiyaları müəyyən edilməli, qlobal bazarlarda tədqiqat və inkişaf fəaliyyətləri izlənilməli;
-Əsaslı patent araşdırmaları aparılmalı və patent strategiyaları müəyyən edilməli;
-Tədqiqat və inkişaf bazar ehtiyaclarını nəzərə alaraq həyata keçirilməli;
-Tədqiqat və inkişaf və fəaliyyətlərində yüksək texnologiya sahələri hədəfə alınmalı;
-Makro və mikro səviyyədə fəaliyyət planları həyata keçirilməli;
-Şirkətlərdə strateji inkişaf bölmələri dövlət tərəfindən dəstəklənməlidir.
Tədqiqat və inkişaf elmi-texniki biliklərin artırılması və bu biliklərin yeni tətbiqlərdə istifadə edilməsi məqsədilə sistemli əsasda həyata keçirilən yaradıcı səy olaraq məhsul və ya xidməti istifadəçilərə çatdırmazdan əvvəlki ilkin mərhələdir. Bu fəaliyyətlər həm də milli və qlobal səviyyədə rəqabət üstünlüyü təmin edə biləcək yeni və qabaqcıl texnologiyanın yaradılmasının başlanğıcıdır. Elmdə “vermədən götürmək” yoxdur. Nə qədər çox investisiya edilərsə, bir o qədər çox nəticə əldə etmək mümkündür. Bu səbəbdən, çox ciddi bir məqsədə xidmət edən tədqiqat və inkişaf layihələrinin uğurlu təşkili dövlətin əsas strateji hədəflərindən olan innovativ iqtisadiyyatın inkişaf etdirilməsinə böyük təkan ola bilər.