AMEA Yüksək Texnologiyalar Parkında ilkin maliyyə hesabatları audit yoxlamasından uğurla çıxıb
Məlum olduğu kimi, ölkəmizdə innovativ texnoloji yeniliklərin inkişaf etdirilməsinə, yenilikçi təşəbbüslərin kommersiyalaşdırılması layihələrinə hər zaman böyük dəstək verilir. Bu işdə yaxından iştirak edən AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park ) innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılması üçün öz fəaliyyətini şəffaflıq prinsipləri üzərində qurub.
Bu məqsədlə “M and J Consulting” MMC tərəfindən “AMEA Yüksək Tenxologiyalar Parkı” MMC-nin 31 dekabr 2020-ci il tarixinə olan ilkin maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan hesabat ili üzrə ilkin mənfəət və ya zərər, digər ümumi gəlirlər, ilkin kapitalda dəyişikliklər, ilkin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas uçot siyasətinin və
digər izahedici məlumatların xülasəsindən ibarət olan ilkin maliyyə hesabatlarının audit yoxlaması aparılıb.
Yoxlamaların nəticələrinə əsasən, müstəqil auditorun hesabatla bağlı rəyi müsbət olub.
Hesabatda qeyd olunub ki, hazırki ilkin maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə olan maliyyə vəziyyətini və başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.