Yüksək Texnologiyalar Parkı İnnovasiya ekosistemində ilk online Platforma təqdim edir
TTEKP ( Texnologiyanın Transferi və Elmin Kommersiyalaşdırılması Platforması) Azərbaycan innovasiya ekosistemində texnologiyaların transferi və kommersiyalaşdırılması üzrə ilk onlayn platformadır (ttcp.az). Tədqiqatçıların, biznes subyektləri və digər ekosistem oyunçularının bir-biriləri ilə əlaqələr qurması, faydalı imkanlar tapması və məlumat şəbəkəsinə daxil olması üçün əlçatan, onlayn hub rolunu oynayır. Həmçinin bir çox funsionallığa malik Platformada istifadəçilər öz xidmətlərini təklif edə və digər xidmətlərdən faydalana bilərlər.
Platformanın məqsədi Azərbaycanda innovasiya ekosisteminin, o cümlədən intellektual kapitalın və yüksək texnologiyaların inkişafında davamlılığa nail olmaq, həmçinin bu sahədə qlobal bazarlarla səmərəli əməkdaşlığı təmin etməkdir.
Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində 28 oktyabr 2022-ci il tarixində Azərbaycan Texniki Universitetində keçirilən Forumda Platformanın təqdimatı keçirilib. Bundan başqa, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), İNNOLAND-da rəhbər heyətlərlə keçirilən görüşlərdə Platformanın qısa təqdimatları keçirilmiş, tələbə və müəllim heyətinin Platformadan istifadə edərək texnologiyaların kommersiyalaşdırılması proseslərinə cəlb edilməsi tövsiyyə olunmuşdur.
İndiyə qədər bir çox müəssisələr, tədqiqatçılar, patent vəkilləri, startapçılar və digər kateqoriyadan olan istifadəçilər Platformada qeydiyyat keçmiş, öz xidmətlərini yerləşdirmiş və müxtəlif layihə və həll metodları təklif etmişlər. YTP ilə STEPİ arasında icra edilən layihə çərçivəsində növbəti 2 il müddətində Platformanın fəaliyyətinin daha da genişləndirilməsi, o cümlədən texniki imkanlarının və təşviqat işlərinin miqyasının artırılması nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.