Yüksək Texnologiyalar Parkı ilə Koreyanın elmi müəssisləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
Yüksək Texnologiyalar Parkı ilə Koreyanın elmi müəssisləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
Yüksək Texnologiyalar Parkında (YTP) Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Koreya Respublikasının İnha Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, İnha Universitetinin Tədqiqat və Biznes Fondunun prezidenti Joo Hyung Kim, həmin universitetin Qlobal Təhsil layihəsi qrupunun dekan müavini, professor Sang Eun Shim və İnha Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında birgə həyata keçirilən ikili diplom proqramının layihə direktoru Hyunjin Yang iştirak ediblər.
YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov öncə qonaqlara rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyəti, o cümlədən rezidentlər üçün yaradılan şərait, vergi, gömrük və sığorta güzəştləri ilə bağlı məlumat verib.
Texnoparkın infrastrukturu ilə tanış olan qonaqlar təcrübə-sınaq laboratoriyasının iş prinsipi və avadanlıqlar haqqında məlumatlandırılıb, onlara YTP-nin əsas rezidentlərindən olan Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi məhsullar təqdim edilib.
Görüş zamanı, həmçinin neft-kimya sahəsində fəaliyyət göstərən Koreya elmi müəssisləri ilə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Təmsil etdiyi qurum haqqında məlumat verən İnha Universitetinin Tədqiqat və Biznes Fondunun prezidenti Joo Hyung Kim Bakı Mühəndislik Universiteti ilə aparılan əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirilib ki, müxtəlif sahələr üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə həyata keçirilən bu proqram çərçivəsində yüzlərlə azərbaycanlı tələbə Koreya Respublikasının təhsil təcrübəsini əldə etmək imkanı qazanıb. Digər ölkələrlə də həyata keçirilən bu kimi ikili diplom proqramlarının önəmindən bəhs edən qonaqlar təhsil, elm və innovasiya sahələrində Koreya-Azərbaycan əməkdaşlığının gələcək inkişafına dair təkliflərini səsləndiriblər.
- Etnytp
- Hits: 181